Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan xalça sənəti” adlı elmi seminar keçirilib. Universitetin “Təsviri incəsənət və OTM” kafedrasının təşkilatçılığı ilə reallaşan seminarda məruzəçi qismində sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva və xalçaçı rəssam, sənətşünas, ADPU-nun müəllimi Arzu Zeynalova iştirak ediblər.
Seminarda xalq sənəti olan toxuculuq, onun meydana gəlməsinin səbəbləri və inkişaf dövrü barədə əhatəli məlumat verilib. Qeyd edilib ki, xalça sənətimiz dövlətin diqqət və qayğısı sayəsində çiçəklənmə dövrünü yaşayır. Xalça Muzeyinin yeni binası, milli xalçaçılıq sənətinin UNESCO-nun siyahısına daxil edilməsi, bölgələrdə xalça fabriklərinin açılması, “Azərbaycan xalçaçıları günü”nün (5 may) təsis olunması buna bariz nümunədir.
Bildirilib ki, ADPU-nun “Təsviri incəsənət və OTM” kafedrasında xalça sənəti tədris olunur və gələcəyin müəllimləri bu sənətlə müəyyən səviyyədə tanışlıq imkanı əldə etmiş olur. Orta məktəb şagirdlərinin də xalça sənətini öyrənmələri üçün xüsusi məşğələlərin keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.