Azərbaycan Universitetində “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika konfransı keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbirdə çıxış edən universitetin rektoru Səadət Əliyeva bildirib ki, XIX əsrin sonu - XX əsrin əvvəlləri tariximizin zəngin dövrü idi. Həmin dövrün aparıcı ədəbi simaları, görkəmli ədibləri olmasaydı, Cümhuriyyət məfkurəsi formalaşmaz, belə bir dövlət qurulmazdı.
Konfransın plenar iclasında professorlar Fəxrəddin Veysəlli, Vaqif Sultanlı və Bədirxan Əhmədov mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Məruzələrdə AXC dövründə əlifba və dil sahəsində görülmüş genişmiqyaslı işlərdən söz açılıb, Cümhuriyyətin elmi ədəbiyyatdakı adı, Qafqaz İslam Ordusunun Azərbaycana dəvət olunması, Bakının işğaldan azad edilməsi, habelə AXC qurucularının ictimai-siyasi fəaliyyəti kimi mövzulardan bəhs olunub. Həmçinin Azərbaycan bayrağının rənglərində ifadə olunan, dövlətçilik ideologiyasında mühüm rol oynayan “türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü formulunun keçdiyi yola nəzər salınıb.
Sonra “Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri”, “Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri” mövzulu bölmə iclasları keçirilib.