Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin əməkdaşı, tarix elmləri doktoru, professor Nurulla Əliyevin “1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” kitabı çapdan çıxıb.
Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, elmi redaktoru Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir. Nəşrdə 1918-1920-ci illərdə Azərbaycanda baş vermiş mühüm hərbi-siyasi hadisələr, Xalq Cümhuriyyəti hökumətinin hərbi-dənizçilik sahəsində fəaliyyəti kompleks şəkildə işıqlandırılıb.
Kitabın “Xəzər bölgəsinin böyük aparıcı dövlətlərin geostrateji rəqabət obyektinə çevrilməsi və Azərbaycan Xalq Cümhuriyyəti 1918-1919” adlandırılan birinci fəslində I Dünya müharibəsi illərində, eləcə də Rusiya imperiyasının süqutundan sonra Qafqaz bölgəsində baş verən proseslərdən, Xəzər regionunun böyük dövlətlərin geosiyasi rəqabət obyektinə çevrilməsindən söhbət açılır. Həmçinin belə gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli azadlıq mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi geniş işıqlandırılıb. “1919-1920-ci illərdə Azərbaycan hökumətinin ölkənin hərbi-dəniz müdafiəsinin təşkili sahəsində fəaliyyəti” adlı ikinci fəsildə Xəzər bölgəsinə nəzarət uğrunda aparılan mübarizədən ətraflı söhbət açılıb.
Əsərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması və hərbi-dəniz qüvvələrinin yaradılması istiqamətində fəaliyyətini əks etdirən fotoşəkillərə də geniş yer verilib.