XX əsrin əvvəlində geniş maarifçilik fəaliyyəti ilə məşğul olan Hacı Şıxəli Feyzullahzadənin “Təzkirətül-övliya” əsəri çap olunub.
Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və 1917-ci ildə “Açıq söz” elektrik mətbəəsində işıq üzü görmüş çap nüsxəsi əsasında nəşrə hazırlanıb.
İnstitutdan bildiriblər ki, Hacı Şıxəli Feyzullahzadə ötən əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Səadət” mədrəsəsinin müdiri olub və yazıçılıq məharəti ilə fərqlənib. Onun Osmanlı ləhcəsində yazdığı bu kitabda on dörd məsumun həyat və fəaliyyəti əksini tapıb.
Kitabı institutun əməkdaşı Rauf Şeyxzamanlı nəşrə hazırlayıb. Bəzi istisnalarla əsərin dil və üslub xüsusiyyətləri qorunub saxlanılıb.