Mayın 8-dən 19-dək Fransanın Kann şəhərində ənənəvi beynəlxalq film festivalı keçiriləcək.
   71-ci Kann kinofestivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq. Ekran əsəri mayın 8-də “Lümyerlər teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.
   “Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur.
   Qeyd edək ki, dünyanın ən nüfuzlu kinofestivalı müddətində Azərbaycan filmləri də nümayiş olunacaq. Rejissor və prodüser Teymur Hacıyev “Kanöz” film layihəsi ilə ölkəmizi Kannda ikinci dəfə təmsil edəcək. Layihə çərçivəsində rejissorun “Dağılmış” (“Torn”) filmi nümayiş olunacaq.
   Film dam ustası olan bir kişinin həyatından bəhs edir. Ailəsində baş verən bəzi hadisələrdən sonra onun həyatı dəyişir və bugünkü günümüzü əks etdirən hadisələr yaşanmağa başlanır.
   Azərbaycanlı rejissor Elvin Adıgözəlin “Yaşar” kinolayihəsi isə Kann festivalının “L’atelier” proqramında nümayiş olunacaq. Bu proqrama 15 ekran işi daxildir. “L’atelier” proqramı Kann kinofestivalının tərkibində 2005-ci ildə bu sahədə yeni nəsil yaradıcı insanların üzə çıxarılması məqsədilə təsis olunub.
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıya azərbaycanlı rejissorun filmi salınıb. “Yaşar” Elvin Adıgözəlin üçüncü tammetrajlı filmidir.
   
   İlona