Aprelin 18-i dünyada Beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO yanında Abidələrin və tarixi yerlərin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Ölkəmizdə də yaşı əsrlər və minilliklərlə ölçülən çoxsaylı abidələr və tarixi məkanlar var. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkə daxilində və xaricdə bu sahədə mühüm işlər görülür.
Son illər tarixi abidələrin bərpası və qorunması istiqamətində ardıcıl layihələr icra olunur. Bu yaxınlarda daha iki belə layihə başa çatıb. Martın 25-də Prezident İlham Əliyev əsaslı şəkildə bərpa olunan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Quba şəhərindəki “Hündür günbəzli hamam”ın təmir-bərpadan sonra açılışı reallaşıb.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini ehtiva edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 tarixi abidə qeydə alınıb. Son illər 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Dünyada baş verən münaqişə və müharibələr, siyasi proseslər nəticəsində bir çox abidələr məhv olmaq təhlükəsi altındadır. Bu təhlükə ilə ölkəmiz də 20 ildən çoxdur ki, üz-üzədir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tərəfindən talan edilib.
18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə də geniş qeyd olunur. Bu münasibətlə mədəniyyət qoruqlarında, tarixi yerlərdə “açıq qapı” günləri keçirilir, yeni layihələr təqdim edilir, abidələrin qorunmasının təbliği məqsədilə tədbirlər təşkil olunur. Bu il də əlamətdar gün tarix və irsimizi yaşadan məkanlarda silsilə tədbirlərlə yadda qalacaq.
Fariz Hüseynov