“Min nəfəs, bir səs”də “Cəhənnəm sakinləri”
Azərbaycan Akademik Milli Dram Teatrı Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” Türkdilli ölkələrin teatr festivalında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sayca 11-ci olan beynəlxalq festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq. Bundan başqa, Milli Dram Teatrı rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif görüşlər keçiriləcək, qarşılıqlı sənət mübadiləsi üçün müzakirələr aparılacaq.
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” tamaşası 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiyalardan bəhs edir. Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində Azər Dadaşovun musiqisindən istifadə olunub. Rolları xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli və başqaları oynayırlar.
“Min nəfəs, bir səs” festivalının keçirilməsində məqsəd Türkiyə teatrları və müxtəlif ölkələrdən olan truppalar arasında əməkdaşlığın qurulması və yaradılıcılıq mübadiləsidir.