Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi çərçivəsində aprelin sonu - mayın əvvəlində baş tutacaq konsert və tamaşa barədə məlumat vermişdik. Layihənin üçüncü tədbiri isə Coakkino Rossininin “Sevilya bərbəri” operasının nümayişi olacaq.
Tamaşada titul partiyanı - zirək və hiyləgər bərbər Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. Avropa səhnələrində uğurla çıxış edən Daniele Kaputonun yolu bu dəfə bizim teatrdan düşəcək.
“Sevilya bərbəri”nin dirijoru da İtaliyadan gəlir. Avropa, ABŞ, Cənubi Koreya orkestrləri ilə çıxışları ilə tanınan, hazırda Milanın “Cantelli” orkestrinin baş dirijoru və “Milano: 6 Giornateperla Nuova Musica” festivalının bədii rəhbəri olan Alessandro Kalkanene Bakıda ilk dəfə mayın 6-da dirijor pultu arxasına keçəcək.
Öz solistlərimizə gəlincə, tamaşada Xalq artisti Əli Əsgərov (Don Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (Doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) çıxış edəcəklər.