Simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel-may aylarında gənc ifaçıların respublika müsabiqəsi keçirilir. Müsabiqə böyük bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunub.
Aprelin 16-da Şəki Regional Mədəniyyət və Turizm İdarəsi üzrə müsabiqənin birinci turu keçirilib. Şəki Regional Humanitar kollecində təşkil olunan dinləmələrdə Şəki 2, 3 və 4 nömrəli uşaq musiqi məktəbi, Qax və Balakən rayonlarının uşaq incəsənət məktəblərinin simli, nəfəsli və zərb alətləri ixtisasları üzrə təhsil alan şagirdləri iştirak ediblər. Onların ifaları münsiflər heyəti tərəfindən dinlənilib və üç nəfər - Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdi İlayda Hadıyeva, şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Şəbnəm Yusifli və Balakən rayon uşaq incəsənət məktəbinin şagirdi Aynur Abdullayeva Bakı şəhərində keçiriləcək II tura vəsiqə qazanıb.