“TEAS Press” Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda iki sənədlər toplusu nəşr edib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, “Azerbaycan Cumhuriyeti (1918-1920). Osmanlı arşiv belgeleri” adlanan sənədlər toplusunda Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Osmanlı Arxivində mühafizə olunan mindən çox sənəd transkripsiya edilərək 219 adda qruplaşdırılıb və xülasələr yazılıb. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında münasibətləri nəzərdən keçirməyə imkan verir.
“Birinci Dünya Savaşı ve Azerbaycan (Osmanlı arşiv belgeleri)” adlı digər sənədlər toplusunda da mindən çox arxiv sənədi transkripsiya edilib, 211 adda qruplaşdırılıb və hər biri haqqında xülasə verilib.
Hər iki topluda verilmiş sənədlərin əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilir və Azərbaycan tarixşünaslığında bir sıra aktual problemləri araşdırmağa kömək edir.
Sənədlər toplularını nəşrə tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürov hazırlayıb. Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov hər iki nəşrə geniş ön söz yazıb.