Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və Azərbaycanda fəaliyyət göstərən İnisiativ Kuratorlar Birliyi (İCU) maraqlı layihə ərsəyə gətirib. Aprelin 20-dən 26-dək muzeydə "Zaman içində defilə: Azərbaycanda qadın dəbi meyarları" sərgisi keçiriləcək. Muzeyə təşrif buyuranlar fotoqraf Rüstəm Hüseynovun Azərbaycanın ənənəvi qadın geyimlərinə həsr olunmuş fotoportretlərdən ibarət sərgisi ilə tanış ola biləcəklər. Sərginin kuratoru Könül Rəfiyevanın dediyinə görə, layihənin konsepsiyası ölkəmizdə qadın geyim dəbinin inkişaf tarixini göstərməkdən ibarətdir.
Sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına məxsus milli geyimlərin nümayiş etdirildiyi 25 fotoportret yer alacaq. Gözəl Azərbaycan qızlarının geyindiyi həmin libaslar geyim kolleksiyaçısı və dizayneri Natəvan Əliyevanın şəxsi tarixi geyim kolleksiyasındandır. Müxtəlif tarixi dövrlərə məxsus həmin geyimlərin yenidən konstruksiyasını yalnız çox dar mütəxəssis çevrəsinə məlum olan milli-mədəni irsin yaşadılması və təbliği, milli obrazların kütləvi tanıtım mərhələsi hesab etmək olar.
Foto ustası Rüstəm Hüseynov öz portretlərində Azərbaycan qadınlarının yaş və sosial təbəqə fərqlərini göstərən ənənəvi baş örpək və geyimlərinə xüsusi diqqət yetirib.
Sərginin açılışında Natəvan Əliyevanın müasir gündəlik geyim tərzinə etno-stil elementlərinin üzvi surətdə daxil edilməsini əsaslandıran "Neo Classic Love" geyim kolleksiyası da nümayiş olunacaq.
G.Mirməmməd