Böyük öndər haqqında film çəkilir
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişləri başlanıb.
   İyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt-Peterburq və Riqa şəhərlərində aparılmaqla, yarım il davam edəcək. Ekran əsəri üç hissədən ibarət olacaq. Böyük öndərin həyatının 1969-cu ilə qədər olan dövrünü əhatə edən birinci hissənin çəkilişləri 2013-cü ilin may ayında (ümummilli liderin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.
   Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev", "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.
   Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksandr Andreyenko, Emmanuil Vitorqan və Yuriya Stoyanova kimi aktyorların iştirakı nəzərdə tutulur. Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövrlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. Dahi rəhbərin yaşlı rolunu Rusiyalı aktyor Aleksandr Nikitin oynayacaq.