Lənkəran Dövlət Dram Teatrında məşhur Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatçısı (1911) Moris Meterlinkin “Korlar” pyesi tamaşaya hazırlanır. Pyesə teatrın gənc rejissoru Emil Əsgərov (Bakuvi) quruluş verir. 
   Teatrın “Marionet korlar” adı ilə təqdim etdiyi səhnə əsəri insan cəmiyyətində baş verən deqradasiya, insanların fiziki korluqları ilə cəmiyyətin mənəvi korluğuna eyham vurur. 12 iştirakçısı olan pyesdə fərdiliyini itirmiş, yalnız xatirələrlə keçmişdən nələrisə xatırlayan personajlar sanki marionet ömrü sürürlər. Onların dünyası qaranlıqdır. Bir-birini yalnız səsindən tanıyan bu zavallılar ayaq səslərini də ayırd edə bilmirlər. “Korlar” nə qədər melanxolik, bədbin ruhlu olsa da, insanın ümidini heç vaxt itirməməsi barədədir. 
   Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsərdə Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Şahrud Mehdiyeva, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva rol alıblar. 
   Xatırladaq ki, M.Meterlinkin adı Azərbaycan teatr aləminə yaxşı tanışdır. Hələ ötən əsrin otuzuncu illərində onun “Göy quş” pyesi Azərbaycan Dövlət Dram Teatrının repertuarında olmuş, uzun illər uğurla oynanılmışdı. 
   
   G.Mirməmməd