Aprelin 18-də Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayonu üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz (MEMM) tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxuma ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək layihənin məqsədi, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında danışıb. Sonra mərkəzin əməkdaşlarının məruzələri dinlənilib.
Klubun üzvləri, Çuxur Qəbələ kəndinin sakinləri çıxış edərək nazirliyin layihəsini yüksək qiymətləndirib, onun xüsusilə uşaqların mütaliəyə marağının artırılmasına xidmət edən layihə olduğunu bildiriblər.
“Kitabsevərlər klubu”nun üzvləri arasında kitab oxuma ənənələrinin bərpası haqqında fikir mübadiləsi aparılıb.
Məktəbin direktoru Müşfiq Əzizova MEMM tərəfindən xatirə hədiyyəsi, ədəbiyyat müəllimi Nigar Məmmədyarovaya və məktəbin şagirdlərinə keçirilən viktorinada fəal iştiraklarına görə sertifikat və “Qarabağ açıqcaları” təqdim edilib.
Xatırladaq ki, “Kitabsevərlər klubu” Qəbələ rayon Bum qəsəbəsində, Tikanlı və Xırxatala kənd kitabxanalarının nəzdində də təsis edilib, məktəblərdə görüşlər keçirilib.