Zərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilib. Tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının mədəniyyət müəssisələrində çalışan gənclər iştirak edib.
Xatırladaq ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə yaradılıb. Qrupun yaradılmasında məqsəd bu sahədə təşəbbüskarlıq mühitinin dəstəklənməsi və gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılmasıdır.
Tədbirdə milli mədəniyyətin təbliğində müasir informasiya texnologiyalarından istifadə, müxtəlif müəssisələrdə çalışan əməkdaşların fəaliyyətinin koordinasiyası və əlavə gəlirlərin əldə etmə mexanizmləri müzakirə edilib. Bildirilib ki, əlavə gəlir mənbəyini təmin etmək üçün mədəniyyət və turizm kimi sahələrin funksional inteqrasiyasının təmin edilməsi zəruridir. Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev bu baxımdan animatorluq fəaliyyətinin inkişaf etdirilməsinin vacib olduğunu deyib. Bu məqsədlə gənc mədəniyyət işçilərindən ibarət məlumat bazasının yaradılmasına dair qərar qəbul edilib.
Bundan əlavə, mədəniyyət müəssisələrinin populyarlaşdırılması və gənc mədəniyyət işçilərinin fəaliyyətinin geniş işıqlandırılması üçün fərqli təyinatlı virtual layihələrin də birgə işlənib hazırlanmasına dair razılıq əldə edilib. Yaradıcı keyfiyyətlərin mədəniyyət işçiləri arasında inkişaf etdirilməsi məqsədilə müxtəlif səpkili kursların təşkili də təqdirəlayiq hesab olunub.