Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb. Sənədi regional idarənin rəisi Elçin Hüseynov və teatrın direktoru Tofiq Heydərov imzalayıb.
Elçin Hüseynov bildirib ki, əməkdaşlıq protokolu regional idarənin əhatə etdiyi rayonlarda xalq teatrları və bədii özfəaliyyət teatr kollektivlərinin fəaliyyətinin inkişafına təkan verəcək, yeni kollektivlərin yaranmasına zəmin yaradacaq.
Öz növbəsində Tofiq Heydərov əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, mədəniyyət işçiləri iştirak ediblər.
Sonda rayon Mədəniyyət mərkəzinin bədii özfəaliyyət teatr kollektivi tərəfindən “Nəsimi” filmindən səhnələşdirilmiş bir hissə nümayiş etdirilib.
Lənkəran teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov gənc kollektivə tövsiyələrini verərək uğurlar arzulayıb.