Diqqət, film çəkilir!
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilməsi xəbərini eşidər-eşitməz yollandım kinostudiyaya. Pavilyonlara yaxınlaşanda məlum oldu ki, görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin quruluş verdiyi “Dərvişin qeydləri” filminin çəkilişində qısa fasilədir.
Mən də bu fürsətdən istifadə edib əvvəlcə Eldar müəllimə yaxınlaşıb onun fikirlərini öyrəndim. Rejissor ənənəsinə sadiq qalaraq çəkdiyi filmin süjet xətti, mövzusu barədə öncədən danışmaq istəmədiyini dedi. Yalnız onu öyrənə bildik ki, ekran əsəri tarixi detektiv janrında çəkilir: “Bu günə kimi çəkdiyim heç bir film barədə əvvəlcədən məlumat verməyi xoşlamamışam. Bu filmin süjet xətti və filmdə baş verəcək proseslər barədə də əvvəlcədən xəbər vermək istəməzdim. Təkcə bunu qeyd edim ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. Bu çəkilişlər respublikamızın dilbər guşələri olan Salyan və Şəkidə gerçəkləşib. Pavilyon çəkilişlərimizi avqustun əvvəllərinə planlaşdırsaq da isti hava şəraitinə görə 5-10 gün gecikməli olduq. Hazırda, gördüyünüz kimi, iş gedir və inanıram ki, uğurlu nəticə əldə edəcəyik”.
Fasilə zamanı da çəkiliş heyəti məsuliyyətli və qayğılı görünürdü. Aktyorlar və texniki heyət öz aralarında müzakirələr edir, növbəti çəkiliş səhnəsinə hazırlaşırdılar.
Operator Yuri Varnovski və filmin ikinci rejissoru Elman Qasımov da hazırlıq işlərində yaxından iştirak edirdi. “Babək”, “Nizami”, “Bir cənub şəhərində” kimi məşhur filmlərimizin yaradıcısı olan görkəmli rejissorumuzun bu dəfə tarixi detektiv janrına müraciət etməsi, həm də bu mövzunun Azərbaycan kino tarixində ilk dəfə işlənməsi, deyəsən, hər kəsdə marağa səbəb olmuşdu. Geyim otaqlarından tutmuş əlbəsə sexinə qədər, operator və qrim ustalarına kimi hər kəs çəkilişə böyük həvəslə yanaşırdı. Milli geyimlərdə pavilyonda gəzişən gənc aktyorlar və hər kəsin diqqətini çəkən rəqqasə xanım öz çəkiliş növbələrini gözləyirdilər.
Filmdə Mirzə Davud obrazını yaradan Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu bildirdi ki, kinoda çəkilmək hər bir aktyorun arzusudur: “Bu filmə dəvət aldığıma sevindim. Çünki aktyor oyunu üçün gözəl ssenaridir. Həm də ilk tarixi detektiv filmində çəkildiyimə görə şadam”.
Rəqqasə Liana Axundova artıq iki gündür ki, çəkiliş meydançasındadır. Deyir, bu kollektivlə çalışmaqdan zövq alır: “İş nə qədər çətin olsa, bir o qədər maraqlıdır. Dəfələrlə məşqlər edib cəmi bir kadr çəkilirik”.
Çəkiliş prosesində hamı şən əhval-ruhiyyədədir. Hətta film üçün alınmış, süfrəyə düzülən yeməklərlə qarnını doyduranlara da rast gəlirik. Qurban İsmayılovun fürsətdən istifadə etdiyini görən Eldar Quliyev “Qurban, bir nəfəs al, elə bil iki gündür yemək yeməyib çəkilişləri gözləmisən. Belə getsə, sənə yemək çatdıra bilmərik”, -deyərək zarafat etməyə də vaxt tapırdı. Çəkiliş zamanı rejissor aktyorlara oyunları ilə bağlı iradını bildirir, tövsiyələrini verirdi. Bəzən səhnə dəfələrlə lentə alınırdı. Adi tamaşaçıların gözündə bir saniyə kimi ötüb gedən bir kadrın çəkilməsinə sərf edilən vaxt və enerjini görəndə, həqiqətən də, kino sənətinin nə qədər dəqiq bir peşə olduğunun şahidi oldum. Pavilyona gələn xarici mətbuat nümayəndələri də çəkiliş prosesini maraqla izləyirdilər. Milli geyimlərdə olan aktyorlarımız, filmdə çəkiləcək musiqiçilər və pavilyondakı xoş abu-havanın istiliyi qonaqlara da təsir etmişdi.
Filmin bəstəkarı, Xalq artisti Səyavuş Kərimini də burada görmək xoş idi.
“Tarixi detektiv janrlı filmə musiqi bəstələmək üçün ilk olaraq hansı nüansları nəzərə aldınız” sualına cavabında bəstəkar bildirdi ki, ilk növbədə ssenari ilə diqqətlə tanış olub: “Ssenaridə söhbət XIX əsrin əvvəllərində baş verən hadisələrdən gedir. Mövzunu tam açmaq istəmirəm. Amma çox maraqlı ssenaridir və film də, musiqisi də inşallah yaxşı alınar. Hələ ki çəkiliş prosesindəyik. Premyera günü bu haqda bir daha danışarıq”.
Onu da qeyd edək ki, “Dərvişin qeydləri” filminin ssenarisini tanınmış yazıçı İlqar Fəhmi və Eldar Quliyev birgə yazıblar. Filmdə Xalq artisti Fuad Poladov, əməkdar artistlər Şövqi Hüseynov, Cəfər Namiq Kamal, Pərviz Məmmədrzayev, aktyorlar Rafiz Mehdizadə və başqaları rol alıblar.
Lalə Azəri