Prezident yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Qax Bilik evində tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Qax-Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub.
Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri Bilik evinin direktoru Gülşən Məcidova açaraq, bu günün tarixi və mahiyyəti barədə məlumat verib.
Mühazirəçi A.Məmmədli Qax və Balakənin tarixi abidələri barədə ətraflı söz açıb, tarixi məkanların qorunmasında əhalinin də üzərinə ictimai öhdəlik düşdüyünü diqqətə çatdırıb.
Bilik Fondu tərəfindən əlamətdar günlə bağlı Bakıda da tədbir keçirilib. Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər klubu üzvlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil edilib. Fondun əməkdaşları Elnarə Əliyeva və Sevinc Məmmədovanın müşayiəti ilə tələbələr İçərişəhərin tarixi məkanları ilə tanış olublar.