“Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur” 
   
   Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclasında ölkə Prezidentinin təqdimatına əsasən Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələyə baxılıb.   
   Çıxış edən deputatlar qeyd ediblər ki, Baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Novruz Məmmədov beynəlxalq arenada ölkəmizin maraqlarını hər zaman müdafiə edən şəxslərdəndir. O, bütün fəaliyyəti dövründə dövlətimizin milli strategiyasına, Ümummilli liderə, Prezidentə sədaqət nümunəsi göstərib. Məsələ səsə qoyularaq qəbul edilib.
   İclasda çıxış edən Novruz Məmmədov ona göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir.
   Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur: “Çalışacağam ki, bu məsuliyyətli vəzifəni Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirim”.
   Qeyd olunub ki, son illər Azərbaycan fəal iştirakçı və təşkilatçı kimi enerji, idman, mədəniyyət, multikulturalizm sahələrində dünyanın ən böyük layihələrini uğurla həyata keçirib, beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verib. Bir neçə ilə Azərbaycan Avrasiyanın ən böyük nəqliyyat qovşağı olacaq. Bu həm də Azərbaycanın gələcək inkişafını təmin edir. 
   Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
   Aprelin 21-də Prezident İlham Əliyev Novruz İsmayıl oğlu Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
   Dövlət başçısı həmçinin 21 və 23 aprel tarixlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Hər iki sərəncamla Nazirlər Kabinetinin üzvləri - Azərbaycan Respublikası Baş nazirinin müavinləri, müvafiq nazirliklər, dövlət komitələri, dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərləri təyin edilib.
   Prezidentin 23 aprel tarixli sərəncamına əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub.