Narkomanlığa qarşı maarifləndirici tədbirlər
Şirvan Dövlət Rəsm Qalereyasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Sağlam həyat uğrunda” adlı sərgi təşkil olunub.
Qalereyanın direktoru Çinarə Vəliyeva çıxış edərək əsrin bəlasına çevrilmiş narkomaniyanın acı nəticələri, onunla mübarizədə maarifləndirici tədbirlərin əhəmiyyəti barədə danışıb.
16 saylı tam orta məktəbin şagirdlərinin şəkillər əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Qalereyanın ekskursiyaçısı Şəbnəm Əhmədova sərgidə nümayiş etdirilən rəsmlər haqqında məlumat verib. Sərgidə məktəblilərin akvarel və quaşla kağız və karton üzərində, əsasən, karikatura janrında çəkdikləri 30-dək rəsm nümayiş olunur.
* * *
Goranboy rayon MKS-nin Mərkəzi kitabxanasının işçiləri şəhər İnternat məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyat tərzidir” mövzusunda konfrans keçiriblər.
Kitabxananın əməkdaşları Ülviyyə Kazımova, Sevda Əliyeva, Günel Vəliyeva mövzu ilə bağlı çıxış ediblər, narkomaniyanın bütövlükdə cəmiyyətin gələcəyinə, xalqın genofonduna təhlükə yaradan ictimai bəla olduğu vurğulanıb.