Filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın təxminən 20 illik zəhmətinin bəhrəsi olan “Zaqatala folklor örnəkləri” kitabı ötən il çapdan çıxıb.
Araşdırmaçı bildirir ki, bölgənin etnik tərkibi kimi, folkloru da zəngin və rəngarəngdir. Rayon ərazisində 20-yə yaxın azsaylı xalqın nümayəndəsi - ləzgilər, inqiloylar, udinlər, tatlar, saxurlar, ruslar, avarlar və s. yaşayır. İllər keçdikcə onlarla azərbaycanlıların adət-ənənələri bir-birinə qovuşub, qohumluq əlaqələri genişlənib.
Kitabdakı materiallar 1996-2016-cı illərdə rayonun Qımır, Çobankol, Bazar, Muxax, Suvagil, Gözbarax, Yuxarı Çardaxlar, Tala, Qandax, Faldar, Əliabad, Muğanlı, Yengiyan, Car, Mamrıx, Zəyəm, Bəhmədli və s. kəndlərindən toplanıb. Burada türklərin, eləcə də ayrı-ayrı kəndlərdə yaşayan azsaylı xalqların mövsüm mərasim, məişət-mərasim adət-ənənələri, bayatılar, nazlamalar, oxşamalar, xoyratlar, lirik və epik janrlar, tapmacalar, lətifələr, əfsanə və rəvayətlər, nağıllar, dastanlar, aşıqların seçmə şeirləri verilib.
Bayatılar bölməsində danburla deyilən ayrıca haylalar önəm daşıyır. Haylanı bayatıdan ayıran özəllik birinci növbədə əsasən haylanın danburun adı ilə başlaması və məzmun xüsusiyyətidir. Haylada obrazlılıq daha məzmunlu, daha mükəmməl, obyekt daha dəqiq olur.
Z.Mənsimova qeyd edir ki, kitabda toplanan mövsüm və mərasim folkloru rəngarənglik, müxtəliflik baxımından maraq doğurur: “Bölgədə keçirilən çox toyların şahidi olmuşuq. Burada başqa mühitlərdən fərqlənən bir sıra xüsusiyyətlər var. Məsələn, qədim açıq toylarda gənclər arasında yarışların keçirilməsi, deyişmələri (buna “höcətləmələr” deyərdilər), “Qızlariçi gəzmək”, “Küt-küt” oyunu, oğlan evinin adamlarının qız evinə öz üstünlüklərini göstərmək üçün zarafatyana qız evinin adamlarını itələmələri, ərə gedən qızın ayağının özündən sonra kimə düşəcəyini yoxlamaq üçün gül əvəzinə konfet, noğul dolu torbanın cavanlara atılması və sairə”.
Zaqatala bölgəsində yaranan lətifələr özünəməxsusluğu ilə seçilir. Azərbaycanda hər mühitin tanınmış lətifə ustadı - Şəkidə Hacı dayı, Qarabağda Abdal Talıb və s. olub. “Zaqatalada avarların yaşadığı Yuxarı Çardaqlar kəndinin sakini Hudul kişini də bu bölgənin lətifəbazı adlandırmaq olar. Zaqatalada bununla yanaşı, Zaydat xala, Muxsa xala, Nurməmməd kişi və başqalarının adına maraqlı lətifələr mövcuddur”, - deyə Z.Mənsimova bildirir.
Araşdırmaçı deyir ki, kitabın ərsəyə gəlməsində söyləyicilərin böyük rolu var: “Təəssüflə demək istərdim ki, bu gün söyləyicilərin çoxu - Qımırdan İmran Xəlilov, Yusuf kişi, Adilə xala, Umuküs nənə, Xəlil kişi, Əliabaddan aşıq Məhəmməd, Bəhmədlidən aşıq Mədət, Qandaxdan Qurban müəllim, Çobankoldan Bayramxatun nənə və başqaları dünyalarını dəyişiblər. Məndən öncə Şəki-Zaqatala bölgəsinin folklorunu toplayan fədakar xanım, filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızının adını çəkmək yerinə düşər ki, onun xidmətləri də bu sahədə əvəzsizdir”.
S.Qaliboğlu