Aprelin 20-də Masallı şəhərindəki “ASAN həyat” kompleksinin nəzdindəki Heydər Əliyev İncəsənət məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə təşkil olunub.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Rafiq Quliyev mövzu ilə bağlı çıxış edib.
Mühazirəçi 120 ili tamam olan Azərbaycan kinosunun müxtəlif mərhələlərindən söhbət açıb. Mühazirədə 1920-30-cu illərdə lentə alınmış “Sevil”, “İsmət”, “Lətif”, “Almaz” və digər səssiz filmlər, ilk peşəkar milli kinorejissor Səməd Mərdanovun 1939-cu ildə çəkdiyi “Kəndlilər” filmi, eləcə də 1940-60-cı illərdə ərsəyə gələn “Arşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Əhməd haradadır?”, “Qızmar günəş altında”, “Telefonçu qız” kimi bədii filmlərin kino tariximizdə yerindən bəhs edilib. Həmçinin 60-80-ci illər və müstəqillik dövrünün kinematoqrafiyasından söz açılıb.
Mühazirədən sonra “Salnamə” studiyasında lentə alınan, Rafiq Quliyevin ssenari müəllifi və rejissoru olduğu "Çövkən” sənədli filmi nümayiş etdirilib.