Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə mayın 17-də ölkənin baş səhnəsində - Türküstan sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dostluq konserti keçiriləcək.
Konsertdə Özbəkistanın Gənclərdən ibarət simfonik orkestri (dirijor - Kamoləddin Urunbayev) və Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə “Şərq təranələri” Beynəlxalq festivalının Qran-pri mükafatçısı olmuş tarzən Sahib Paşazadə çıxış edəcək.
Proqramda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin əsərləri ifa olunacaq. Tədbirdə Özbəkistanın tanınmış sənətçiləri - Nəsibə Abdullayeva, Masuma Boltabaeva, Erkin Ramazanovun da orkestr ilə ifaları nəzərdə tutulub.
Türküstan sarayının foyesində “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası - 100” adlı sərgi iştirakçılara təqdim ediləcək.