Azərbaycanın və Türkiyənin İsveçdəki diaspor nümayəndələri Türkiyənin dövlət bayramı, 23 aprel - Milli suverenlik və uşaq bayramını Stokholmda birlikdə qeyd ediblər.
23 aprel 1920-ci il Türkiyənin istiqlal və qurtuluş mücadiləsi salnaməsində ən önəmli günlərdən biridir. Həmin gün Ankarada Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Böyük Millət Məclisi açılıb və bununla yeni dövlətin - Türkiyə Cümhuriyyətinin qurulması yolunda tarixi addım atılıb. Cümhuriyyət qurulandan sonra Atatürkün təşəbbüsü ilə bu gün Türkiyənin yetişən nəslinə ərməğan olaraq Milli suverenlik və uşaq bayramı elan edilib.
İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dərnəyin rəhbəri Sevda Dadaşova tədbirin əhəmiyyətindən danışıb, onu İsveçdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında birlik və həmrəyliyin gücləndirilməsi üçün yaxşı fürsət kimi dəyərləndirib.
Tədbir musiqi proqramı ilə davam edib. Azərbaycanlı müğənnilər Sevda Əliverdiyeva və Kamil Cəfərov bəstəkar və xalq mahnılarını ifa ediblər, milli rəqslərimiz nümayiş olunub.