23 aprel - Dünya kitab və müəllif hüquqları günü (World Book and Copyright Day) 1995-ci ildə UNESCO tərəfindən iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (hər ikisi 1616-cı ilin 23 aprelində vəfat ediblər) ehtiram olaraq təsis edilib.
Hər il bu gün münasibətilə İspaniya ərazisində müxtəlif mədəni tədbirlər keçirilir. “Don Kixot”un bəşəriyyət tərəfindən oxunulması” adlı növbəti belə tədbir Toledo şəhərinin Eskivias qəsəbəsində baş tutub. Tədbirə İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları da qatılıb. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov mərasimdə iştirak edib.
Tədbirdə “Don Kixot” əsərinin demək olar ki, bütün dünya dillərinə tərcümə olunmasının bu möhtəşəm əsərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti qeyd edilib. Bildirilib ki, qəsəbədə yaradılmış Servantes muzeyində “Don Kixot”un bir çox dillərdə, o cümlədən Azərbaycan dilində nəşri saxlanılır.
Sonra tədbirdə iştirak edən diplomatik korpusun nümayəndələri “Don Kixot” romanından bir parçanı ana dillərində oxuyub. Əsərdən bir hissə, həmçinin səfirliyimizin əməkdaşı Namiq Ramazanov tərəfindən Azərbaycan dilində səsləndirilib.
Tədbir iştirakçıları əsərdən səhnələşdirilmiş tamaşa nümunələrini də maraqla izləyiblər.
Səfir Anar Məhərrəmov Eskivias meriyasındakı xatirə kitabına ürək sözlərini yazıb.
Sonda iştirakçılar Servantesin ev-muzeyi ilə tanış olublar.