Festivalda 4 milyard dollar dəyərində müqavilələr imzalanıb
Çinin paytaxtında keçirilən VIII Beynəlxalq Pekin kinofestivalının əsas mükafatçısı gürcü rejissoru Anna Uruşadzenin «Çirkin ana» filmi olub. Ekran əsəri “Ən yaxşı film” nominasiyasında «Tyantan» mükafatına layiq görülüb.
Filmdə baş rolda çəkilən aktrisa Nato Murvanidze isə “Ən yaxşı aktrisa” nominasiyasını qazanıb. Qeyd edək ki, bir qədər öncə «Çirkin ana» filmi Sarayevoda keçirilən kinofestivalın baş mükafatına layiq görülmüşdü. Filmin süjetinə görə 50 yaşlı evdar qadın öz ailəsi və yazıçı olmaq arzusu arasında seçim etməlidir.
Festivalda “Ən yaxşı kişi rolu” nominasiyasında mükafatı ingiltərəli aktyor Co Koul (“Cülyettanı müşahidə”) qazanıb.
Pekində film festivalı həmçinin rekord məbləğdə müqavilələrin imzalanması ilə yadda qalıb. Festival zamanı yerli və xarici şirkət ümumilikdə 4,15 milyard dollar dəyərində 38 layihə üzrə müqavilələr imzalayıblar.
Müqavilələrin imzalanma mərasimi 2011-ci ildən bəri keçirilən Pekin beynəlxalq film festivalının ən diqqətçəkən tədbirlərindən biridir. Kino, televiziya, reklam, ümumiyyətlə, kino sənayesi ilə bağlı şirkətlər festivaldan öz biznes əlaqələrini genişləndirmək üçün yararlanmağa çalışırlar.
Qeyd edək ki, hazırda dünyanın ən böyük ikinci kino bazarı olan Çində kassa yığımı 2003-cü ildən bəri hər il orta hesabla 30 faiz artır. Ötən il kino prokatından kassa yığımı 8 milyard dollara yaxın olub.
İlona