Aprelin 27-də dünyada milyonlarla insanın izlədiyi Formula 1 yarışmasının Azərbaycan Qran-prisi başlanacaq. Artıq üçüncü ildir ki, Bakıda gerçəkləşən yarışmaya bu il də böyük maraq var.
   Ənənəvi olaraq bu dəfə də Formula 1 azarkeşləri və qonaqlar üçün zəngin əyləncə proqramı hazırlanıb.
   Aprelin 27-29-da Formula 1 yarışları çərçivəsində “Baku Crystal Hall”da dünya ulduzlarının və məşhur DJ-lərin iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaq. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar üzrə meneceri Elvin Məmmədov bildirib ki, tamaşaçılar biletlərindəki kateqoriyalara uyğun yerləşdiriləcəklər. Buraya oturacaqlı və oturacaqsız biletlər daxildir. Oturacaqlı biletlərə sahib tamaşaçılar üçün 8 minlik yer hazırlanıb. Ayaqüstü zona isə 18-20 min tamaşaçını qəbul edəcək. Formula 1 azarkeşlərini “Baku Crystal Hall”da möhtəşəm şoular gözləyir.
   Qeyd olunub ki, bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. 
   Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə “Axwell & Ingrosso”, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. 
   Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları “Baku Crystal Hall”da keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə “Baku Crystal Hall” arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.