Qazaxda Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist, publisist, şair Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” sənədli filminin təqdimatı olub.
Mərasimdə rayon rəhbərliyi, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə, Milli Qəhrəmanın yaxınları iştirak ediblər.
Tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını, Alı Mustafayevin vaxtilə təhsil aldığı və bu gün adını daşıdığı Qazaxbəyli kənd tam orta məktəbinin həyətində ucaldılan büstünü ziyarət ediblər.
Gənclər mərkəzində davam edən tədbirdə filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək ekran əsəri barədə məlumat verib.
Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Soltanzadə bildirib ki, A.Mustafayev Qarabağ müharibəsi başlayandan cəbhə bölgəsindən reportajlar hazırlayıb. Qeyd edilib ki, peşə borcunu ləyaqətlə yerinə yetirən A.Mustafayev 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağda, ermənilərin Qarakənd yaxınlığında vurduqları vertolyotda həlak olub.
Sonra ekran əsəri nümayiş olunub. Filmdə Milli Qəhrəmanın telejurnalist kimi vaxtilə aldığı müsahibələri özündə əks etdirən kadrlar da yer alıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova mərasimdə çıxış edərək şəhid jurnalist A.Mustafayevin həyat və fəaliyyətini özündə əks etdirən bu cür filmlərin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıb.
Qazaxbəyli kənd tam orta məktəbi şagirdlərinin ifasında A.Mustafayevin şeirləri səslənib.
Sonda Milli Qəhrəmanın bacısı Bəsti Yaqubova qardaşının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.