“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) tarixi və orijinal Azərbaycan xalçalarının istehsalını davam etdirir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.
İndiyədək 600-dən çox xalça çeşnisi hazırlanıb və onların əsasında ASC-nin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ, Xaçmaz, Tovuz, Ağstafa və Qazax filiallarında xalçalar toxunub.
Elektron xalça çeşniləri bəzi bədii-texniki xüsusiyyətlərə də malikdir. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir.
Çeşni - xalçanın layihəsi, kağız üzərində eskizidir. Tarixən Azərbaycan qadınları xalçaları eskizsiz, genetik yaddaş əsasında, bir-birindən öyrənərək və əlavələr edərək toxuyublar. Azərbaycan xalçalarının bədii cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu olmasının nəticəsidir.