Tarixi-coğrafi və etnoqrafik atlasın təqdimatı
   
   Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanındakı çoxsaylı yer-yurd adları bu regionun qədim Oğuz yurdu olduğunu bir daha təsdiq edir. Bu fikir AMEA Naxçıvan Bölməsində “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın təqdimat mərasimində səslənib.
   Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, atlasda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı araşdırılıb, bu bölgə ilə bağlı adıçəkilən yer adlarının coğrafi xəritəsi verilib.
   Atlas iki bölmədən ibarətdir. Birinci bölmədə tarixi-coğrafi, ikinci bölmədə isə etnoqrafik atlas əksini tapıb. Azərbaycan, ingilis və rus dillərində olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib.
   AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov nəşrin əhəmiyyətindən söz açıblar.