Tanınmış dilçi alimin 90 illiyinə həsr olunmuş konfrans
Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbir Türk Dil Qurumunun fəxri üzvü, görkəmli dilçi alim, türkoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun (1928-2001) 90 illik yubileyinə həsr olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu V.Aslanovun həyat və fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, V.Aslanov Azərbaycan dilinin və klassiklərin ədəbi dilinin araşdırılması yolunda böyük xidmətlər göstərib. O, 1972-ci ildə AMEA-nın Dilçilik İnstitutunda Türk dillərinin müqayisəli tədqiqi şöbəsinin ilk müdiri olub, direktor müavini vəzifəsində işləyib. Rus, ərəb, fars, ingilis, alman dillərini bilən alim keçmiş SSRİ-nin şəhərlərində, Türkiyədə, Avstriyada, Hollandiyada, ABŞ-da və digər ölkələrdə keçirilən beynəlxalq konfransların iştirakçısı olub. Konfransda görkəmli alimin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.