“Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı kitab çapdan çıxıb. Cümhuriyyətin 100 illiyi münasibətilə hazırlanan kitabın müəllifi AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovdur.
Məlum olduğu kimi, Zaqafqaziya Seymi dağıldıqdan sonra Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Tiflisdə Cümhuriyyətin yarandığını elan etmişdi. Bu zaman Bakı erməni-bolşevik güruhunun (“Bakı Soveti”) nəzarəti altında idi. Odur ki, Cümhuriyyət hökuməti və Milli Şura müvəqqəti olaraq Gəncəyə köçdü.
Bununla bağlı arxiv sənədlərinin təsnifatını və xronologiyasını hazırlayan Həsənbala Sadıqov qeyd edir ki, AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 1918-ci ilin 16 iyunundan sentyabrın 16-dək (Bakıya köçənədək) ümumilikdə, idarəçilik haqqında 210-dək qanun və hüquqi akt qəbul edilib. Bu da onu deməyə əsas verir ki, həmin qısa müddətdə dövlətçilik üçün lazım olan əsas hüquqi aktlar işlənib hazırlanmışdı. Həmin sənədlər sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunur.
Milli dövlətin 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq, Cümhuriyyət ideyası yaşayıb. Müəllif kitabda vaxtilə Avropaya və Türkiyəyə mühacirət edən AXC xadimlərinin fəaliyyətinə geniş yer ayırıb.