Təxminən 20 il bundan əvvəl qəzetlərin biri üçün Azərbaycanın Xalq artisti, gözəl sənətkar, hamımızın sevimlisi Yaşar Nuridən müsahibə almalı idim. Səhər tezdən evinə zəng vurdum. Dedilər ki, radioya gedib, veriliş yazacaq, oradan da “Azərbaycanfilm” kinostudiyasına gedəcək, “Köpək” bədii filmində çəkilir, sonra da teatra baş çəkəcək.
Yarımçıq qalmış reportaj
Vaxtı itirməyib C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına gəldim. “Köpək” filminin çəkilişi bir neçə saatlığa yubadılırdı. Yaşarı xəbər aldım. “Haradasa, buralardadır” - dedilər.
Fikirləşdim ki, yəqin “Mozalan” satirik kinojurnalının redaksiyasındadır. Axı o, kinostudiyaya gələndə “Mozalan”a dəyməmiş evə getmir. Fikrimdə yanılmamışdım. Məndən bir azca əvvəl burada olubmuş. Kinojurnalın baş redaktoru Ziyafət Abbasov Yaşar Nuri barəsində yazmaq istədiyimi bilib dedi:
- Yaşarın yaradıcılığını bizim satirik kinojurnalsız təsəvvür etmək çətindir. O, “Mozalan”ı teatr qədər sevir, kinojurnalın təəssübkeşidir. Onun “Mozalan”da yaratdığı obrazların dili ilə dediyi sözlərin bəziləri artıq zərb-məsələ çevrilib. “Gəl, gözəl insan, gəl, gəl” ifadəsi Yaşarın qəhrəmanının ağzından çıxıb camaat arasında yayılıb. Elə bu səmimiyyətinə görədir ki, tamaşaçı onu sevir, ekranda təkrar-təkrar görmək istəyir...
Baş redaktordan yenicə ayrılmışdım ki, kinorejissorlardan Gülbəniz Əzimzadə və Hafiz Fətullayevlə rastlaşdım. Gülbəniz xanım bizi iş otağına dəvət etdi. Yaşar Nuri hər iki rejissorun filmlərində çəkilmişdi. Aktyor haqqında onların fikri mənim üçün maraqlı idi.
- Hafiz müəllimlə birgə quruluş verdiyimiz “Müqəddəs oda yanaram” filmində Yaşar Oqtay rolunda çəkilib, - deyə G.Əzimzadə söhbətə başladı. - Hafiz müəllim həm də filmin ssenari müəllifidir. Onun Yaşar barədə söylədikləri oxucu üçün maraqlı olar.
- Məmnuniyyətlə, deyib H.Fətullayev söhbətə qoşuldu: - Yaşarı tələbəlik illərindən tanıyıram. O vaxtdan dostuq. Teatrda da bir yerdə işləmişik. Televiziyaya işə keçəndən sonra da birgə fəaliyyətimizi davam etdirmişik. “Müqəddəs oda yanaram” bədii filminin çəkilişinə hazırlaşanda Gülbəniz xanımla mənim Oqtay rolu barədə fikrimiz üst-üstə düşdü: bu rolu Yaşar Nuri oynamalıdır. Oynadı da. Özü də həmişə olduğu kimi, çox yaxşı oynadı.
- Elədir, - deyə Gülbəniz xanım söhbətə müdaxilə etdi: - Məncə, bütün rejissorlar Yaşar Nurinin işindən razılıq edirlər. El arasında belə deyirlər: “Sözü adamın ağzından alır.” İstər “Müqəddəs oda yanaram”, istərsə də “Qətl günü” filmləri üzərində işləyərkən mən Yaşarda bu cəhəti müşahidə etmişəm. O, sözün əsl mənasında, yaradıcı adamdır. “Qətl günü” filmində həkim Mahmudu tamaşaçılar yəqin ki, xatırlayırlar. Yaşar bu obrazı o qədər təbii və canlı yaradıb ki, ekranda Mahmuda həyəcansız baxmaq olmur, xüsusilə filmin final səhnəsinə.
Rejissorlarla söhbəti qurtarıb dəhlizə çıxdım. Otaqlardan birinin qapısına vurulmuş lövhədə yazılmışdı: “Ağ atlı oğlan” bədii filmi. Quruluşçu rejissor Ənvər Əbluc”.
Qapını açıb içəri boylanıram. Rejissorla filmin ssenari müəllifi İsi Məlikzadə rejissor ssenarisi üzərində işləyirlər. Yaşarı axtardığımı, ondan qəzet üçün müsahibə alacağımı eşidəndə İsi müəllim gülümsünüb dedi:
- Yaşar mənim anadan olmağımın 60 illiyi ilə əlaqədar qəzetlərin birində yazmışdı ki, mən İsi Məlikzadə ilə “Qatarda” tanış olmuşam. Yaşar aktyor kimi, insan kimi mənə çox yaxındır, əzizdir. Bir sənətkar, bir dost kimi ona çox inanıram. Onda səhnə görümü, əsəri duymaq bacarığı çox güclüdür. Təsadüfi deyil ki, Musiqili Komediya Teatrı üçün yazdığım “Subaylarınızdan görəsiniz” adlı ilk pyesimin tamaşaya qoyulmasını ona etibar etdim. Yaşar da rejissor kimi bu işin öhdəsindən uğurla gəldi.
Hamımızın darıxdığı anlar olur. Gündüz darıxanda küçəyə çıxıb havanı dəyişirsən, kiminləsə görüşə bilirsən. Gecə olanda isə Yaşara zəng vururam. Hər dəfə də eyni cavabı eşidirəm: “Müəllim (bir-birimizə telefonda belə müraciət edirik). Sənə nə göndərim? Gülməkdən uğunub gedirəm. Axı gecə yarısı mənə nə göndərə bilər. Sonra görürəm ki, yox, ovqat göndərdi, əhvali-ruhiyyəm yaxşılaşdı. Yaşar ekranda, səhnədə necə təbii, səmimidirsə, həyatda da elədir.
- İsi müəllimin dediklərinə onu əlavə edim ki, Yaşarla biz “Pəncərə” filmində bir yerdə işləmişik, - deyə Ənvər Əbluc həmkarının sözünə qüvvət verdi. - İndi isə onu “Ağ atlı oğlan” filminə Əbdül dayı roluna çəkirik. O, hərbçidir. Evdən cəbhəyə qaçan, özünü yetim kimi təqdim edən oğlan uşağına qəyyumluq edir...
Çəkiliş meydançasına qayıdıram. Burada qızğın iş gedir. “Köpək” filminin növbəti səhnələri lentə alınır. Hamının diqqəti Yaşar Nuridədir. O, kamera qarşısında, yupiterlərin gur işığı altında özünəməxsus tərzdə yeni rolunu oynayır...
Aktyor Yaşar Nuri ilə görüşüm baş tutmasa da, reportajım yarımçıq qalsa da, onun həmkarları ilə söhbətim ürəyimcə oldu. Və bu söhbətlər yadıma bir atalar sözünü saldı: “Varsa əgər hünərin, hara getsən - var yerin”.
Zirvə fəth edildi
Müsahibələrinin birində “Yaşar bəy, yəqin ki, pərəstişkarlarınız, mən qarışıq hamısı, Sizi bu gün yaradıcılıq zirvəsinə çatmış şəxsiyyət hesab edir. Bu zirvədə bəzən tənhalıq hiss etmirsiniz ki?” sualına aktyor belə cavab vermişdi: “Heç vaxt, heç vaxt mən özümü zirvədə hesab etməmişəm. Zirvəyə sənətkarı xalq qaldırır. Mən olsa-olsa, hələ zirvəyə gedən yoldayam. Özünü bivaxt zirvədə hesab edən adam oradan tez yıxılır”.
Görkəmli sənətkar Yaşar Nuri 1951-ci il sentyabrın 3-də tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində doğulub. O, 11 yaşında ikən ilk dəfə səhnəyə dramaturq M.Əlizadənin “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə ayaq açıb. Rolu balaca olsa da, Yaşar səhnəyə məşhur aktyorlardan Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu ilə birgə çıxır. Və həmin gün onun həyatında unudulmaz hadisəyə çevrilir.
Yaşar orta məktəbi bitirəndə oxumağa hara gedəcəyini yaxşı bilirdi. Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. İnstitutu bitirəndən sonra bir müddət Tədris Teatrında çalışır. 1974-cü ildən Azərbaycan Akademik Milli Dram Teatrının aktyorudur. Teatrda bir çox xarakterik obrazlar yaratmış, peşəkar aktyor olaraq tamaşaçıların sevimli sənətkarı kimi məşhurlaşmışdır.
Yaşar Nurinin yaradıcılığı çoxşaxəlidir. Teatrda olduğu kimi, televiziya tamaşalarında və kinoda da eyni səviyyədə ustalıq nümayiş etdirmiş, bütün yaradıcılıq sahələrində uğurlar qazanmışdır.
Rejissor Ş.Mahmudbəyovun “Dörd bazar günü” televiziya filmində (1975) Seyran obrazı onun kinoda ilk işi idi. Yaşarın ekran qəhrəmanı partizan hərəkatının fəal iştirakçısıdır. Aktyor bu obrazı təbii cizgilərlə yarada bilmişdir.
Onun “Mezozoy əhvalatı” filmindəki (1976) Raufu da bizim müasirimizdir. Öz fəhlə peşəsindən zövq alan Rauf çalışqan, xoşxasiyyət bir gəncdir. Neft Daşlarında çalışır. Kollektivdə onu sevir, onunla razılaşırlar. Yaşar qəhrəmanının bütün hislərini həssaslıqla duyur və bütün bunları tamaşaçıya çatdıra bilir.
Yaşar indiyə kimi 50-yə yaxın filmdə çəkilib. Bunların arasında “Şir evdən getdi” (1977, Səməd), “Bayquş gələndə” (1978, həkim), “Od içində” (1978, Əjdər), “Yol əhvalatı” (1980, Makintoş), “Üzeyir ömrü” (1982, bəstəkar Zülfüqar Hacıbəyov), “Əzablı yollar” (1982, kiçik Div), “Tənha narın nağılı” (1984, Qubad) və s. filmlər vardır.
Onun ifa etdiyi rollar xaraktercə bir-birinə bənzəmir. Məsələn, Əjdər Muğanda sovet hakimiyyətinin qurucularından biridir, Makintoş isə tüfeyli həyat keçirən alverçidir. Aktyor danışığı, hərəkəti, jestləri vasitəsilə qəhrəmanının xarakterindəki mənfi halları açıb göstərə bilir. Mifik obraz olan kiçik Div digər divlərdən fərqli olaraq, xeyirxah və ağıllıdır. Eyni zamanda insan ağlı qarşısında acizdir.
Rus şairi, yazıçı-dramaturq Sergey Mixalkov demişdir: “Yumor ciddi işdir”. Y.Nurinin bir çox filmlərdə yaratdığı obrazlarda ciddiliklə yumor bir-birini tamamlayır. Biz bunu aktyorun əksər ekran rollarında, o cümlədən “Bəyin oğurlanması” (1985, İsrafil), “Cin mikrorayonda” (1986, Azər), “Lətifə” (1989, Məmməd), “O dünyadan salam” (1982, Məşədi Oruc), “Nə gözəldir bu dünya” (1999, Asim Əliyeviç), kinolentlərindəki irili-xırdalı rollarında görürük.
Müxbirin “Sizi bir aktyor kimi daha çox hansı janra şamil etmək olar?” sualına aktyor belə cavab vermişdir: “Mənim üçün belə bölgü yoxdur. Rejissor Vaqif Mustafayevlə niyə tutur mənimki... O da sərhəd tanımayan sənətkardır. Hər cür faciənin içində gülüş var. Hər cür gülüşün içində faciə var”.
Y.Nuri rejissor V.Mustafayevin “Musiqili xaş” (1984, müştəri), “Bəyin oğurlanması” (1985, C.Mirzəyevlə birgə İsrafil), “Yaramaz” (1988, Maşallah), “Nakəs” (1991), “Hər şey yaxşılığa doğru” (1997, Əbdülqəni), “Fransız” (1995, ata), “Milli bomba” (2001), “Yoxlama” (2006) və s. filmlərində çəkilmişdir. Onun tragikomik janrda işlənən bu filmlərdə yaratdığı obrazlar milli kinomuzdakı uğurlu yaradıcılıq axtarışlarının bəhrəsidir.
Rejissor V.Mustafayevin aktyor haqqında dediklərindən: “Yaşar komik obrazları ilə faciənin mahiyyətini açmağı bacaran aktyordur. Onun təkrarsızlığının, böyüklüyünün əsası da elə bundadır. Çəkilişdən qabaq obraz üzərində işləyərkən Yaşarın sözü-söhbəti, üzünün ifadəsi elə bir şəkil alır ki, sanki bu dəqiqə faciə qəhrəmanlarından birinin obrazını yaradacaq. Ancaq çəkiliş başlayan kimi onun mimikasını, duruşunu görüb uğunursan. Bir sözlə, Yaşar yaratdığı obrazların hər birinə gülüşlərini, göz yaşlarını, qəlbinin sevincini və ağrı-acısını, daha dolğun desək, bütünlüklə öz varlığını bəxş edə bilir”.
“Xüsusi vəziyyət” (1986, Samson), “İşarəni dənizdən gözləyin” (1986, kapitan), “Qəm pəncərəsi” (1986, Kərbəlayı Cəfər), “Göz qabağında şeytan” (1987, Nazimzadə), “Yay gününün xəzan yarpaqları” (1987, Rizvan), “Zirzəmi” (1990, mağaza müdiri), “Qəzəlxan” (1991, müdir), “Mənim ağ şəhərim” (1993, Mirzəbala), “Yuxu” (2001, Xəlil) filmlərində də aktyor maraqlı obrazlar qalereyası yaratmışdır.
Kino, Musiqili Komediya, Akademik Milli Dram, Opera və Balet teatrları, hətta Kukla Teatrı. Yaşar Nuri haralara dəvət olunmayıb, hansı teatrda öz istedadını, yüksək sənət nümunəsini nümayiş etdirməyib.
Ulu öndərimiz Heydər Əliyev Opera və Balet Teatrında “Arşın mal alan” operettasının tamaşasından sonra səhnəarxası söhbətdə dedi ki, Yaşarla Səyavuş Aslan barədə söz demək üçün gərək sənəti yaxşı biləsən. Ölkə rəhbərinin dediyi bu sözlər aktyor sənətinə verilən çox böyük qiymətdir.
Bu yaxınlarda yeni yaranmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Milli Kino Mükafatını ilk dəfə olaraq görkəmli sənətkar Yaşar Nuriyə təqdim etdi. Bəli, Yaşar müəllim bu gün sənətin zirvəsindədir. Səhhəti ilə bağlı Türkiyədə müalicəsini tezliklə başa vurub Vətənə qayıtmasını, səhnədə və ekranda yeni rolları ilə tamaşaçıları sevindirməsini arzulayırıq.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi