Ölkəmizin Vyetnamdakı səfirliyinin təşəbbüsü ilə paytaxt Hanoyda “Azərbaycan və Vyetnamın dövlətçiliyi: yaranma və inkişaf” adlı konfrans keçirilib. Tədbirdə Vyetnamın hakim Kommunist Partiyasının, parlamentin, elmi tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edib.
Konfransda Azərbaycan dövlətçiliyinin tarixi mərhələlərindən, Xalq Cümhuriyyətinin yaranmasından əvvəl və sonra Cənubi Qafqaz bölgəsində baş verən hadisələrdən, AXC-nin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan, həmçinin ölkəmizin müasir inkişafından söz açılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyindən bəhs edən səfir Anar İmanov müasir Azərbaycan Respublikasının bir əsr öncə yaradılmış milli dövlətin varisi olduğunu vurğulayıb. A.İmanov iki ölkə arasında əlaqələrdən bəhs edərək, Vyetnamın Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya bölgəsində əsas tərəfdaşlarından olduğunu bildirib.
Konfransda Azərbaycanın XIX əsrə aid, habelə AXC və müasir Azərbaycanın xəritələri nümayiş etdirilərək, torpaqlarımızın ermənilər tərəfindən zəbt olunması prosesi barədə ətraflı məlumat verilib.
Tədbirdə Vyetnam Kommunist Partiyasının xarici informasiya jurnalının baş redaktoru Dao Xuan Tien, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Nquyen Man Cuonq, Vyetnam İctimai Elmlər Akademiyasının MDB ölkələri üzrə Araşdırma Mərkəzinin direktoru xanım Vu Thuy Tranq və başqaları çıxış ediblər. Azərbaycan və Vyetnam dövlətçiliyi arasında paralellər aparılıb, müxtəlif sahələr üzrə oxşarlıqlardan bəhs olunub. Çıxışlarda Vyetnam ilə Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcudluğu bildirilərək, hazırkı dövrdə bu əməkdaşlığın gücləndirilməsinin və hər iki xalq arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.