Tokioda “Azərbaycan mətbəxi məktəbi”nin növbəti məşğələsi
Tokioda fəaliyyət göstərən “Azərbaycan mətbəxi məktəbi”nin növbəti məşğələsində yapon xanımlara mətbəximizin ən ləziz təamlarından olan plovun hazırlanması qaydaları öyrədilib.
Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil edilən növbəti məşğələdə məktəbin təşkilatçıları, Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər. Bildirilib ki, bütün dünyada “Made in Azerbaijan” brendi ilə tanınan və öz keyfiyyəti ilə seçilən bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur.
Məşğələlər zamanı yapon xanımların iştirakı ilə Azərbaycan mətbəxinin şahı hesab olunan plov, həmçinin kükü, çoban salatı və ayran hazırlanıb. Yeməklər daha sonra qonaqlara təqdim edilib.
Məşğələnin iştirakçıları İkuyo İnamoto və Veronika Yastremskaya AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildiriblər ki, Azərbaycan yeməklərinin hazırlanmasında iştirak etmək böyük maraqla qarşılanıb: “Azərbaycan milli mətbəxinin belə dadlı yeməkləri ilə tanış olmaq çox xoş oldu. Xüsusən plov çox dadlı idi. Kükü, çoban salatı və ayran da xoşumuza gəldi. Hamısı çox ləzzətli idi. Düşünürük ki, bu məşğələlər Azərbaycan mədəniyyətinin və mətbəxinin Yaponiyada təbliği baxımından çox əhəmiyyətli olacaq. Gələn məşğələlərdə də məmnuniyyətlə iştirak edəcəyik”.
Məktəbin təşkilatçılarından Dinara Ələkbərova isə bildirib ki, budəfəki məşğələdə diqqəti cəlb edən məqam yalnız yapon xanımların deyil, Tokioda yaşayan digər millətlərin nümayəndələrinin də Azərbaycan mətbəxinə maraq göstərməsi oldu: “Bu, bizi daha da həvəsləndirir və məktəbin növbəti məşğələlərində Azərbaycan mətbəxinin digər nümunələrinin hazırlanmasını davam etdirəcəyik”.