Dost ölkədə Azərbaycan xalça sərgisinin keçirilməsi təklif edilib
   
   Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin bu ölkənin mədəniyyət naziri Nəbih Şuqum ilə görüşündə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   
   Nazir 19-21 iyun tarixində Azərbaycanda keçiriləcək “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbirinə azərbaycanlı həmkarından dəvət aldığını və ölkəmizə səfər etmək istəyində olduğunu qeyd edib.
   Görüşdə 2009-cu ildə Azərbaycanda və 2010-cu ildə İordaniyada keçirilmiş mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb, belə tədbirlərin qarşılıqlı şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
   Nazir N.Şuqum hər il İordaniyada keçirilən Caraş Mədəniyyət və İncəsənət Beynəlxalq Festivalı barədə məlumat verib, bu il iyulun 19-29-da baş tutacaq növbəti tədbirə Azərbaycan tərəfinin də dəvət olunduğunu diqqətə çatdırıb.
   R.Rzayev mədəni tədbirlərdə qarşılıqlı iştirakın vacibliyini vurğulayıb, iki ölkənin kitabxanaları və muzeyləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, hər iki ölkədə Azərbaycana və İordaniyaya aid müxtəlif sərgilərin təşkil olunmasının əhəmiyyətini qeyd edib. 
   N.Şuqum Azərbaycan xalçaları haqqında çox eşitdiyini və İordaniyada Azərbaycan xalça sərgisi keçirilməsini təklif edib, belə bir təklif olacağı təqdirdə İordaniya Mədəniyyət Nazirliyinin müvafiq köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
   Səfir hazırda bu sənət sahəsinə göstərilən dövlət qayğısı haqqında danışıb və məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcəyini deyib.