İlham Tumasın “Sərçələr niyə ac qaldı” hekayəsinin motivləri əsasında ekranlaşdırılan yeni qısametrajlı filmdə hadisələr real həyatdan qaynaqlanır. Qaçqınların yaşadığı köhnə binada məskunlaşan tələbə, gənc jurnalist səhər yuxudan oyandığı zaman masanın üstündəki yuxa parçasını siçanların yediyini aşkarlayır. Tələyə nəzər saldıqda oradakı çörəyin də oğurlandığını görür. Günü belə bir ovqatla başlayan gəncin başına nələr gələcəyini təxmin etmək olar. O gün ərzində nə yazdığı məqalənin qonorarını ala bilir, nə də yeyəcək tapır. Sonda məcbur qalıb sərçələrin payını yeyir.
   Film “Nova Gorica Kino Mərkəzi”nin rəhbəri, rejissor Tahir Əliyevin təşəbbüsü ilə Yevlax şəhərində fəaliyyət göstərən EL televiziyasının bazasında çəkilib. T.Əliyev sənədli film rejissoru kimi tanınsa da, bir neçə qısa, metrajlı bədii filmə də imza atıb. “Sərçələrin payı” rejissorun növbəti bədii ekran işi olmaqla bərabər, ssenari müəllifi İlham Tumasın bədii kinoda debütüdür. Filmin operatoru Elxan Rüstəmov, musiqi tərtibatçısı gənc bəstəkar Azər Əsgərov, prodüseri EL TV-nin baş direktoru İqbal Məmmədəliyevdir. Rollarda Rüstəm Zeynalov, Elşən Məmmədov, Reqinq Dobrınina və başqaları çəkiliblər.

   Lalə Azəri