Türkiyədə yaşayan azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Həsən Adıgözəlzadə aprelin 29-da uzun sürən xəstəlikdən sonra İstanbulda, müalicə olunduğu xəstəxanada vəfat edib. 
   Həsən Adıgözəlzadə uzun illər Bursa Uludağ Universitetində çalışıb. Bəstəkarın vəfatı haqqında yazan yerli mətbuat Bursa Simfonik Orkestrinin ilk rəhbəri olmuş Həsən Adıgözəlzadənin fəaliyyətini, bu ali təhsil ocağında musiqi və sənətin inkişaf etdirilməsində xüsusi xidmətlərini qeyd edib.
   1946-cı ildə Bakıda dünyaya gələn Həsən Adıgözəlzadə "Azərbaycan" və "Bursa" kantataları, xor və kamera-instrumental miniatürlər, violin və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətləri üçün bir sıra əsərlər bəstələyib. 
   Həsən Adıgözəlzadə həmçinin Bursa şəhərində azərbaycanlı diasporunun fəal nümayəndələrindən olub. Bursa, İstanbul, Adana və digər şəhərlərdə Azərbaycan diasporu tərəfindən təşkil edilən bir çox tədbirlərdə fəal iştirak edib.
   Allah rəhmət eləsin.
   
   Mehparə Sultanova
   Ankara