Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Kino Günü münasibətilə tədbir keçirilib. 
   Mərkəzdən verilən məlumata görə, tədbirdə rus icmasının nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, yaradıcı ziyalılar iştirak ediblər.
   Gecənin aparıcısı kinoşünas, Bakı Slavyan Universitetinin «Sfera» teatrının bədii rəhbəri Fikriyyə Muradlı Rusiya kino sənayesinin inkişafı haqqında danışıb. Bildirib ki, Rusiya kinosu günü 27 avqust 1919-cu ildə kinematoqrafiyanın milliləşdirilməsi haqqında dekretə əsasən qeyd olunur. O, sovet dövründə Rusiya kinematoqraflarının Azərbaycan kinosuna təsirindən bəhs etməklə yanaşı, iki ölkə arasında kino yaradıcılığı sahəsində müasir əlaqələr və birgə layihələri haqqında söz açıb.
   Sonra rusiyalı rejissor Pavel Lunqinin «Ada» bədii filmi nümayiş olunub.
   Qeyd edək ki, film Rusiya Kino Günləri çərçivəsində keçirilən 19-cu «Moskva premyerası» festivalında «Onilliyin ən yaxşı filmi» nominasiyası üzrə mükafata layiq görülüb. Filmin nümayişindən sonra canlı müzakirələr aparılıb.
   Mehparə