Aprelin 22-dən 27-dək Çexiyanın paytaxtı Praqada Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) 74-cü konqresi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanov və fondun baş mütəxəssisi Rəşad Qasımov iştirak edib.
   Səfər təəssüratlarını bizimlə bölüşən Rəşad Qasımov bildirdi ki, 1938-ci ildən fəaliyyət göstərən FİAF dünyada film mirasının qorunmasına xidmət edir. Təşkilat kinematoqrafiya və film arxivlərinin qlobal şəbəkələrindən biridir. Dünyanın müxtəlif ölkələrində 166-dan çox institutu olan federasiya filmlərin toplanması, qorunması və təbliği istiqamətində işlər həyata keçirir. 
   Çexiyanın Milli Muzeyində və Milli Kino Arxivində baş tutan konqresdə kino arxivlərinin iş prinsipləri, yeni arxiv texnologiyalarının tətbiqi və onlardan səmərəli istifadə qaydaları, kinolentlərin qorunması və bərpası mövzusunda simpoziumlar, nadir arxiv filmlərinin retrospektiv baxışları və s. mövzularda dəyirmi masalar təşkil edilib. 
   Həmsöhbətimiz qeyd etdi ki, hər il keçirilən tədbir sayəsində bu sahədə çalışan insanlar təcrübə mübadiləsi və məlumatlandırma, birgə layihələri müzakirə etmək imkanı qazanırlar. Builki konqresdə filmlərin qorunması, ölkələrdə arxivlərin yaradılmasını təşviq etmək, film arxivlərinin işlərini icra etdiyi hüquqi bazanın təkmilləşdirilməsi yolları ilə bağlı müzakirələr aparılıb. Mühafizə və digər arxiv üsulları ilə təlim və təcrübə, kino ilə əlaqəli sənəd və materialların toplanması və qorunmasının təşviqi, habelə üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri üzrə mütəxəssislərin fikirləri dinlənilib.
   Növbəti konqresin gələn il İsveçrənin Lozanna şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. 
   Qeyd edək ki, Azərbaycan Dövlət Film Fondu 1999-cu ildən Beynəlxalq Kino Arxivləri Federasiyasının üzvüdür. Fond öz fəaliyyətini Beynəlxalq Arxivlər Federasiyasının formalaşdırdığı istiqamətlər üzərində qurub.
   
   Lalə Azəri