Paytaxtda və bölgələrdə Azərbaycan filmlərinin nümayişi başlanacaq
   
   Kinoteatr yarandığı zamandan mədəni istirahətin ünvanı olub. Hələ sovet dövründə filmlərdə tez-tez görürdük ki, oğlan qıza meyl salanda ilk olaraq onu kinoya dəvət edirdi. Beləcə, kinoteatr mədəniyyəti də təbliğ edilirdi.
   
   Televiziya, video, kompyuter, hətta telefonla film seyr etmə imkanlarının hədsiz dərəcədə genişləndiyi indiki zamanda dünyanın əksər ölkələrində kinoteatr ənənəsi bu günə qədər qalmaqdadır. Üstəlik 3D, 5D kimi yeniliklərlə indi kinoya daha canlı, özünü sanki hadisələrin içində hiss etməklə baxmaq mümkündür. Bəs, görəsən, Azərbaycanda kinoteatra getmək ənənəsi bu gün nə yerdədir?
   Öncə paytaxt sakinlərinə kiçik bir sualla müraciət etdik: “Kinoya gedirsinizmi?”.
   Kamran Qədimov (42 yaş, turizm işçisi): - Kinoteatra tez-tez gəlirəm. Bəzən dostlarla, bəzən də oğlumla. Hər zövqə uyğun film tapmaq olur. Biletlərin qiyməti də münasibdir.
   Bəhruz Əfəndiyev (25 yaş, rəssam): - Filmləri evdə seyr edirəm. Bu, mənim üçün zövqlü istirahətdir. Maaşım kinoteatra getməyə imkan vermir. Biletlər bahadır.
   Elmira Ələkbərova (35 yaş, musiqiçi): - Afişada tarixi və ya melodram filmi gördükdə seyr edirəm. Amma əksəriyyəti Amerika filmləridir. Son illər çəkilən Azərbaycan filmlərinə baxmaq istərdim. Bir də ki, məncə, kinoteatrlar çox olsa, seçim imkanımız da çox olar.
   Toğrul Rzayev (22 yaş, tələbə): - Kinoteatra az-az gedirəm. İnternetdə hər hansı film marağımı çəksə və görsəm ki, kinoteatrda nümayiş olunur, gedib baxıram.
   Natəvan İbrahimova (55 yaş, müəllimə): - Sovet dövründə kinoteatrlarda o qədər hind filmlərinə baxmışıq ki. İndi isə biletlər bahadır. Həm filmlər də mənə görə deyil. Cavanlar, uşaqlar üçün nümayişlər olur. Mən gedim orda “boyevik”ə baxım?
   Fərid Babayev (19 yaş): - Müasir kinoteatrdakı səs effektləri xoşumuza gəlir. Bu səslə filmə baxanda hər şeyi unudursan. Özünü filmin içində hiss edirsən. 

   Daha çox hansı filmlər göstərilir?
   
   Məlumat üçün deyək ki, bu gün Bakıda müasir standartlara cavab verən kinoteatrların sayı da azdır. Afişalarda adları yer alan ekran əsərləri isə əsasən Amerika istehsalı olan kommersiya filmləridir: “Buz dövrü - 4” (ABŞ, 2012, cizgi filmi), “Paralel dünyalar” (ABŞ, 2012), “Medalyon” (2012, ABŞ) və s. Kinoteatrlarda nümayiş olunan filmlər və o cümlədən yerli filmlərin bazara daxil olması haqqında mütəxəssislərin fikrini öyrəndik. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, kinoteatrlarda filmlərin nümayişinə nəzarət olunur. Zorakılıq, cinayətə sövq edən məqamlar yoxdursa, nümayişə icazə verilir. Burada senzura deyil, qanunvericiliyə uyğun ictimai nümayiş qaydalarına əməl etmək önəm kəsb edir”.
   Kinoşünas Aydın Kazımzadə bildirdi ki, gənclik illərində kinoteatrlarda planlı şəkildə həm Azərbaycan, həm də xarici filmlərin nümayişi prokat tərəfindən öncədən müəyyən edilirdi: “Əsas məqam isə filmlərin reklamının aparılması idi. Bir çox qəzetlərdə Bakı kinoteatrlarının repertuarı çap olunurdu. Biz də o repertuara əsasən filmləri izləyirdik. Bu gün bu sistem yoxdur. Filmlərin anonsu daha çox saytlarda yerləşdirilir. Əgər internetə girməsəm, bu haqda məlumat ala bilməyəcəyəm. Və yaxud gəlməliyəm kinoteatra ki, afişaya baxım. Bir məqamı qeyd etmək istərdim ki, hazırda Azərbaycan filmlərinə tələbat var. Dövlətin sifarişi ilə çəkilən yeni bədii filmlər kinoteatrlarda nümayiş edilsə, yaxşı olardı. Bununla yanaşı, kinoteatrların repertuarının reklamı əhatəli şəkildə aparılsa, əminəm ki, insanların kinoteatra marağı artacaq”.
   Rejissor Samir Kərimoğlu ayda ən azı iki dəfə film seyr etmək üçün kinoteatra gedir: “Bu, Amerika və ya Avropa istehsalı olan film, hətta cizgi filmi də ola bilər. Yerli filmlərin nümayişi olanda mütləq şəkildə seyr edirəm. Kinoteatr mənim üçün ilk olaraq istirahət yeridir. Məsələn, keçən il tanınmış rejissor Terrens Malikin beynəlxalq festivalların əsas mükafatlarını qazanan “Ömür ağacı” filmi kinoteatrda nümayiş olunurdu. Lakin filmi evdə izlədim. Mənə görə ciddi filmi evdə seyr etmək daha rahatdır. Lakin, dinamik filmlər və ya komediya janrı üçün kinoteatr münasibdir. Belə filmləri kütləvi şəkildə izləmək daha zövq verir”.
   “Nizami” Kino Mərkəzinin əməkdaşı İlham Babayev yeni çəkilən filmlərin konkret şirkətlə bağlanmış müqavilə əsasında nümayiş olunduğunu bildirdi: “Bizim o şirkətlə müqaviləmiz var və dünya ekranına çıxan yeni filmlər eyni vaxtda bizdə də nümayiş olunur. Təbii ki, seçimi özümüz edir və maraqlı filmlərə üstünlük veririk. Çalışırıq ki, həm uşaqlar, cavanlar, həm də orta yaşlı insanlar üçün filmlər nümayiş olunsun”.

   Milli filmlərimiz böyük ekranda
   
   Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Y.Şeyxov sentyabrın sonundan Azərbaycan filmlərinin kinoteatrlarda nümayişinin başlanacağını bildirdi. Hazırda nümayiş olunacaq filmlərimizin video çarxları (treyler) hazırlanır: “Azərbaycanfilm” kinostudiyası öz filmlərini geniş tamaşaçıya təqdim etmək niyyətindədir. Filmlər təkcə Bakı kinoteatrlarında deyil, bölgələrdə də nümayiş olunacaq. Televiziya kanallarında reklamlar yerləşdiriləcək. Bakı sakini ilə Gəncə sakini bir filmi eyni zamanda seyr etmə imkanı qazanacaq. Bu layihəyə “Dolu” filmi ilə start veriləcək. Daha sonra son illər çəkilən filmlər - “Niyyət” (rejissor Samir Kərimoğlu), “Vəkil hanı?” (Ülviyyə Könül), “İlahi məxluq” (Yavər Rzayev), “Buta” (İlqar Nəcəf) və s. filmlərin nümayişi nəzərdə tutulub”.
   Sektor müdiri bildirdi ki, bölgələrdə kinoteatr olmadığından filmlər yeni təmir edilmiş mədəniyyət evlərində nümayiş olunacaq. Həmsöhbətim kino ilə bağlı hazırlanan yeni qanunvericilikdə bir sıra məsələlərin əks olunacağını dedi: “Ola bilsin ki, kinoteatrlara yerli filmlərin nümayişinin təşviqi ilə bağlı müəyyən məqamlar da sənəddə əksini tapsın”.
   
   Gənclərin qısametrajlı filmləri nümayiş olunacaq
   
   Sentyabrın sonundan “Nizami” Kino Mərkəzində yerli filmlərin nümayişinin başlanacağını təsdiqləyən İ.Babayev bu ərəfədə - ayın 14-dən başlayaraq gənc rejissorların qısametrajlı filmlərinin göstəriləcəyini dedi. Ayın 30-dək beş ekran əsəri - “Ağ qan”, “Nəfəs”, “Koramal” (“Exa production”, Elməddin Alıyev və Xəyyam Abdullayev), “İnkoqnito” (“Ultra production”) və “24 km” filmləri nümayiş olunacaq: “Bunlar müxtəlif müsabiqə və festivallarda uğur qazanmış filmlərdir. Əgər tamaşaçı axını olsa, bu cür layihələri də davamlı həyata keçirəcəyik. Bu, gənclər üçün də stimuldur”.
   Gənc rejissor Elməddin Alıyev ilk dəfə olaraq filmlərinin kinoteatrda nümayiş olunacağını dedi: “Belə bir təkliflə bizim prodüser Emil Quliyev çıxış etdi. Filmlərin treyleri, posterləri hazırlanıb. İstəyirik ki, Azərbaycan tamaşaçısını kinoteatrlara cəlb edək və ən əsası onlar artıq öz filmlərimizi seyr etmə imkanı qazansınlar. Gənclərin filmlərinə baxsınlar və onlarda maraq oyadaq. Hazırda kinoteatrlarda xarici kommersiya filmləri çoxdur. Təbii ki, kinoteatr da qazanc əldə etməlidir. Nümayiş olunan kinolentlər də premyera filmləri olduğundan kinoteatr onu baha qiymətə əldə edir. Ancaq Azərbaycan kinosunun inkişafı naminə yerli filmlər də nümayiş olunmalıdır. Ümid edirəm ki, başladığımız təşəbbüs özünü doğruldacaq və gələcəkdə bir çox prodakşnlar, studiyalar bu prosesə qoşulacaq”.
   Uzun illərdir böhran yaşayan kinoteatr bazarımız da dirçəlmək üzrədir. Ən əsası isə artıq öz filmlərimizi istədiyimiz vaxt seyr edə biləcəyik. Bu isə milli kino sənayesinin inkişafına da əlavə stimul olacaq.
   
   Reyhan İsayeva