Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən Sent İştvan Universitetində təhsil ocağının doktorantı Raqif Hüseynovun təşəbbüsü və ölkəmizin Macarıstandakı səfirliyi, Sent İştvan Universiteti və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda 30-dək ölkədən gənc alimlər iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Mixal Vieleçovski konfransa fəxri qonaq qismində dəvət olunublar.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi təşkil edilib.