Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi Zokalo meydanında ənənəvi Dost mədəniyyətləri festivalı keçirilir. Festivalın təntənəli açılış mərasimində Azərbaycanı Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
2009-cu ildən ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri hökumətinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Meksika əhalisinin tanış edilməsidir. Bu il 90-dək ölkənin qatıldığı, iki həftə davam edəcək bu tədbirdə ölkəmiz də həm mədəniyyət, həm də milli mətbəxlərə aid bölmədə təmsil olunur.
Festivalın qonaqlarına Azərbaycanın tarixi, xüsusilə müsəlman Şərqinin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti, həmçinin ölkəmizin mədəniyyəti və milli mətbəxi ilə bağlı məlumat verilir. Azərbaycan guşəsində video və çap materialları nümayiş etdirilir, iştirakçılara kitabça və broşürlər paylanılır, milli mətbəximizin ləziz təamları təqdim olunur.