“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirildi
   
   Mayın 3-də Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirildi. Milli Kitabxanada təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdilər.
   Tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış edərək “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş kitabın əhəmiyyətindən danışdı. Bildirdi ki, nəşrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin görkəmli elm və dövlət xadimi kimi bütövlükdə obrazı öz əksini tapıb. Kitab təkcə Ramiz müəllimin əsərlərinin biblioqrafik göstəricisi deyil, analitik tədqiqat işi, akademikin çoxşaxəli və dərin mahiyyətə malik yaradıcılığına baxışdır. Onun Azərbaycan fəlsəfə tarixinə, Azərbaycan cəmiyyətşünaslığına və siyasətşünaslığına zaman-zaman verdiyi töhfələri araşdıran, qruplaşdıran nəşr akademikin yazdığı əsərlərlə yanaşı, həm də onun haqqında və əsərləri barədə yazılanları özündə əks etdirir: “Bu kitab faktiki olaraq bir dövrün salnaməsidir. O, salnamə ki, Azərbaycanın müstəqilliyə keçid dövrünün həm mənəvi, həm mədəni, həm də ictimai panoramını özündə əks etdirir. Bir şəxsin timsalında biz bu keçidin ən müxtəlif təzahür formalarını görürük. Ramiz müəllim əsl elm fədaisi kimi, dövlət quruculuğunda çalışan bir şəxsiyyət kimi çox böyük və möhtəşəm uğurlara imza atıb”. 
   Kamal Abdulla biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, kitabı ali məktəblərdə, akademiyanın institutlarında öyrəniləcək və tədqiq olunacaq bir nəşr kimi dəyərləndirdi.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov diqqətə çatdırdı ki, Ramiz Mehdiyev haqqında ilk biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Milli Kitabxana tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilib. Milli Kitabxananın yenidən tərtib etdiyi bu fundamental elmi biblioqrafiya daha da təkmilləşdirilərək Ramiz Mehdiyevin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və haqqında materialları əhatə edir. Yeni biblioqrafiyaya alimin bu illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə çap olunmuş kitabları, habelə konqres, sessiya, elmi konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş elmi-publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilib.
   Kitabda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” adlı “ön söz”ü verilib. “Əsərlərin biblioqrafiyası” bölməsində Ramiz Mehdiyevin kitabları, elmi məqalələri əhatə olunub, bəzi informasiya xarakterli materiallar da biblioqrafiyaya daxil edilib. 
   AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin fundamental fəlsəfi tədqiqat əsərlərindən söz açdı. Vurğuladı ki, akademik müstəqillik dövrü Azərbaycan elmində siyasətşünaslıq elminin yaradıcısıdır: “Cəmiyyətşünas filosof kimi Ramiz müəllim ölkəmizin keşməkeşli inkişaf yollarındakı qabarma və çəkilmələrin, mühüm dialektik yüksəliş proseslərinin dərin fəlsəfi mahiyyətini açıb göstərməklə bərabər, mövcud imkan və perspektivlərə də daim işıq salmağa ciddi əhəmiyyət verib. Akademikin timsalında dövlətçilik və elm anlayışı bir-birini tamamlayır və onun elmi fəaliyyəti bütün mərhələlərdə dövlətçilik fəlsəfəsinə, onun öyrənilməsinə bir töhfədir. Ramiz Mehdiyev yaradıcılığında dörd şəxsiyyət ön sırada durur: Şah İsmayıl Xətai, Nadir şah, ulu öndər Heydər Əliyev və prezidentimiz İlham Əliyev. Onun tədqiqat işlərində bu şəxsiyyətlərin fəaliyyəti elmi cəhətdən təhlil edilir”. 
   Təqdimatda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova Ramiz Mehdiyev haqqında belə bir biblioqrafiya və elektron məlumat bazasının hazırlanmasını yüksək qiymətləndirdilər. 
   Diqqətə çatdırıldı ki, görkəmli dövlət xadimi, böyük tarixçi filosof elmi və siyasi-ideoloji fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin və ümummilli ideyaların inkişaf etdirilməsinə şərəflə və məsuliyyətlə xidmət etməkdədir. Onun əsərləri bugünkü demokratik cəmiyyət, bu cəmiyyətdə gedən ictimai proseslərin mahiyyəti, ulu öndər Heydər Əliyevin zəngin irsinin araşdırılması və Azərbaycan dövlət quruculuğunun mühüm məsələlərini əhatə edir. Akademik müasir dövrdə tariximizdə cərəyan edən prosesləri elmi metodologiyaya əsaslanaraq işıqlandırır. Bildirildi ki, ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə qiymətli əsərlər bəxş etmiş vətəndaş alimin elmi yaradıcılığında Vətən tarixi problemləri, xalqımıza qarşı soyqırımı gerçəklikləri, milli dövlətçilik məsələləri və onun həlli yolları, milli məfkurə, müasir dövrdə Azərbaycanın xarici siyasət məsələləri bütöv bir sistem halında araşdırılır və konseptual xarakter daşıyır. Vurğulandı ki, ömrün müdriklik zirvəsinə yüksəlmiş akademik böyük idarəçilik təcrübəsi, elmi səriştəsi və tükənməz enerjisi ilə bundan sonra da Azərbaycana xidmət edəcək. 
   Sonra “Ramiz Mehdiyev. Biblioqrafiya” elektron məlumat bazası təqdim edildi. Kitab və elektron məlumat bazası ilə bağlı müzakirələrə yekun vuran akademik Kamal Abdulla təhsil müəssisələrində və elm ocaqlarında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilən dəyirmi masaların keçirilməsinin vacibliyini diqqətə çatdırdı.
   
   Lalə Azəri