Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 6-dək Rusiya Federasiyası Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərində qastrol səfərindədir.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, Vladiqafqaz şəhərində Dövlət Akademik Milli Dram Teatrının qonağı olacaq kollektiv Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə çıxış edəcək.
   Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, səhnə sənətimizin korifeyləri Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadədən sonra bu şəhərdə Azərbaycan teatrının heç bir truppası səfərdə olmayıb. Uzun fasilədən sonra bu şəhərdə Azərbaycan teatrını təmsil etdiyimizdən çox məmnunuq.
   Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının bir neçə teatr kollektivi ilə qarşılıqlı qastrol səfərlərinə dair yaradıcılıq müqavilələri imzalayıb. Mayın 18-dən 21-dək Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı da Bakıya səfər edərək Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.