Sentyabrın 24-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq etnoqrafik kino günləri festivalı keçiriləcək. 
   Festivalda Azərbaycan Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi ilə təmsil olunacaq.
   30-dan çox ölkədən rejissorların qatılacağı festivalın məqsədi Asiya və Avropa ölkələri arasında mədəni əməkdaşlığı möhkəmləndirməkdir. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.
   “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
   Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. “Köç” filmi bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş olunub.