Buktreyler festivalına yekun vuruldu
   
   Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində 3-cü Buktreyler festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilir.
   Tədbirdə çıxış edən festivalın təşkilatçısı, aktyor Ruslan Sabirli layihə haqqında məlumat verdi. Bildirdi ki, buktreyler kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyler ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən incəsənət növüdür. Layihə kitabın təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafına xidmət edir. 
   Qeyd olundu ki, festivala təqdim olunun buktreylerləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, əməkdar artistlər Mehriban Zəki və Murad Dadaşovun daxil olduğu münsiflər heyəti qiymətləndirib.
   R.Sabirli festivalın təşkilində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. 
   Tədbirdə çıxış edən “Libraff” kitab mağazaları şəbəkəsinin marketinq direktoru Ülviyyə Allahverdiyeva, “Azercell” şirkətinin nümayəndəsi Sahilə İbrahimova təmsil etdikləri qurumların festivala verdiyi dəstəkdən məmnun olduqlarını bildirdilər. 
   Münsiflər heyəti üzvlərindən Oqtay Mirqasımov, Yusif Şeyxov, Mehriban Zəki, eləcə də AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qalibləri təbrik edərək yaradıcılıq uğurları arzuladılar. Vurğulandı ki, kino və kitabı birləşdirən bu layihə müasir günün tələblərindən biridir. Festival ilk növbədə kitaba çağırışdır. Çox qısa bir filmdə kitaba maraq doğurmaq, fikir yönəltmək böyük istedad və düşüncə tələb edir. 
   Sonra festivalın qalibləri elan olundu. 
   Xalq yazıçısı Anarın “Seçilmiş əsərləri”nə çəkdiyi “Kitab və qutab” qısametrajlı filmə görə Tural Kərimov birinci yerə (1000 manat) layiq görüldü. Firdovsi Nəbiyevin “Şahid” və Cavad Nuriyevin “İkimizin hekayəsi” treylerləri ikinci yeri (hər biri 800 manat), Sərdar Tağıyevin “Almafobiya”, Binyamin Sailovun “Can nənə, bir nağıl de” və Eynulla Dadaşovun “Bulud bağçaları” əsərləri isə 3-cü yeri (hər biri 500 manat) qazandı. 
   Qaliblərə həmçinin festivalın sponsorları “Azərcell” şirkəti və “Libraff” kitab mağazaları şəbəkəsinin hədiyyələri təqdim edildi. 
   Uğur qazanan buktreylerlərin nümayişindən sonra gecə Əməkdar artist, xanəndə Fərqanə Qasımovanın ifasında konsert proqramı ilə davam etdi.
   
   Lalə Azəri