Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsinin teatr kollektivi - İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı “Əli və Nino” əsərinin motivləri əsasında tamaşa hazırlayıb. Köçkün teatr 20 ilə yaxındır Tbilisidə fəaliyyət göstərir.
Mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında tamaşanın premyerası olub.
Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin əldə olunmasının 100 illiyinə həsr edilmiş tamaşanın premyerasında Tbilisidəki səfirliyimizin əməkdaşları, Gürcüstan rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tsxinvali Akademik Dövlət Dram Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze jurnalistlərə müsahibəsində bildirib ki, səhnə əsəri Gürcüstan Mədəniyyət Nazirliyinin layihəsi əsasında hazırlanıb. Yaxın vaxtlarda tamaşanın Bakıda, mayın 19-da isə Gürcüstan parlamentində nümayişi nəzərdə tutulub. Q.Kapanadze deyib: “Romanın və tamaşanın əsas süjet xəttini məhəbbət, sevgi tutur. Bilirsiniz ki, həyatda hər cür hadisələr olur. Amma hər bir hadisə əgər sevgi ilə bitirsə xoşbəxtlik olur. Bu romanın da əsas üstünlüyü odur ki, hadisələrin sonu məhəbbətlə bitir və məhəbbət hər şeyə qalib gəlir”.
Tamaşada rolları gürcü aktyorlar ifa ediblər.
Qeyd edək ki, Qurban Səidin “Əli və Nino” romanı azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir. Əsərdə, həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr təsvir olunub.