“Muxtar respublikaya səfərim həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tədbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”.
Bu sözləri Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
K.Yankauskas bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” və “İslam mədəniyyətinin paytaxtı”dır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəaldırlar. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.
Bölgəyə ikinci dəfə gəldiyini deyən Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, Naxçıvan Dövlət Universitetindəki elektron avadanlıqlar və virtual tədris mühiti onda böyük təəssürat oyadıb: “Düşünürəm ki, biz burada “Erasmus +” proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik”.