Vətən. Bu sadə sözdə nə qədər böyük dəyər, necə dərin məna var. Bəs haradan başlayır Vətən? Məncə, Vətən insanın ruhundan, qəlbindən başlayır. Dünyaya ilk gələn körpələrə analar “oğlum, tez böyü, əsgər get” deyə-deyə laylalar çalırlar. Həyatı başa düşməyən, yalnız ana səsini hiss edib duyan körpələr bu laylaları eşitdikcə bu duyğular onların qanına hopur. Anaların dilində səslənən vətənpərvərlik nəğmələri körpələri gələcəyin əsl yurdsevər övladları kimi böyüdür. Məktəbə gedən uşaqlar ilk dəfə əlinə qələm alanda, titrək barmaqları ilə yazdıqları ilk kəlmələr “ana” və “vətən” sözləri olur...
Vətənin dar günündə igid oğullarımız sinələrini sipər edərək yurdumuzu düşməndən qorudular. Bir çoxları şəhidlik zirvəsinə ucaldı, yaralandı - təki Vətən yaşasın deyə. Min bir əziyyətlə övladlarını böyüdüb boya-başa çatdıran analar övladlarının şəhidliyi ilə qürurlandılar, əyilmədilər, başlarını düşmən qarşısında daha da dik tutdular. Bəlkə də elə ona görədir ki, “ana” sözü ilə “vətən” sözü qoşa çəkilir: Vətənə “Ana vətən” deyilir...
Qəriblikdə dünyasını dəyişən soydaşlarımızın ən böyük arzusu, vəsiyyəti Vətən torpağında uyumaq olur. Hətta onları öz yurdlarına gətirmək mümkün olmayanda belə, bir ovuc Vətən torpağını aparıb məzarlarının üstünə səpirlər ki, ruhu rahatlıq tapsın. Elə buna görə də düşünürəm ki, Vətən insanın ruhundan başlayır.
Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, insan torpaqdan yaranır, böyüyür, yaşlanır. Yaşlandıqca da yavaş-yavaş torpağa əyilir - sonda ona qovuşmaq üçün... Deməli, vətən torpağı hər bir insan üçün ən müqəddəs bir məkandır: diri ikən üstündə yaşamaq üçün, ölərkən altında rahat uyumaq üçün. Vətən torpağı keçmişimizdən, ulu babalarımızdan bizlərə qalan ən dəyərli əmanətdir. Ona görə də hər birimiz bu torpağın qədrini bilməli, onu göz bəbəyimiz kimi ləyaqətlə qorumalı və gələcək nəsillərə ötürməliyik.
Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin baş biblioqrafı